Gənc pianoçunun uğuru

 

   Rusiya Federasiyasının Stavropol diyarının Pyatiqorsk şəhərində gənc pianoçuların Vasili Safonov adına X beynəlxalq müsabiqəsi keçirilib.

   Ölkəmizi bu mötəbər müsabiqədə sənətşünaslıq doktoru, professor Tərlan Seyidovun rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) məktəb-studiyasının VIII sinif şagirdi, 14 yaşlı Ceyhun Əzizov böyük müvəffəqiyyətlə təmsil edərək ikinci yerə layiq görülüb.

   Müsabiqə üç yaş qrupunda keçirilib. Altı gün ərzində opera teatrının böyük səhnəsində gənc musiqiçilər öz ifalarını mötəbər münsiflər heyəti qarşısında nümayiş etdiriblər. Müsabiqəyə Rusiyanın 33 şəhərindən və xarici ölkələrdən 89 təklif gəlib, seçim dinləmələrindən sonra 68 musiqiçi yarışmada iştirak hüququ qazanıb.

   V.Safonov adına müsabiqə 1993-cü ildə təsis edilib, 1995-ci ildə ona ümumrusiya, 2007-ci ildə isə beynəlxalq status verilib. Müsabiqə ötən 20 ildə musiqi ictimaiyyətinin rəğbətini qazanıb və Rusiya Mədəniyyət Nazirliyinin keçirdiyi ən əhəmiyyətli mədəni layihələrdən birinə çevrilib. Bu il müsabiqənin münsiflər heyətinə Rusiyanın Əməkdar artisti, Moskva Konservatoriyasının professoru, beynəlxalq müsabiqələr laureatı Andrey Diyev rəhbərlik edib.

   Müsabiqənin hər iki turunda böyük müvəffəqiyyətlə çıxış edən Ceyhun Əzizov peşəkarlığı, virtuoz ifaçılıq texnikası, konsert mədəniyyəti, musiqi duyumu ilə münsiflərin və dinləyicilərin rəğbətini qazanıb, Azərbaycan fortepiano məktəbini yüksək səviyyədə təmsil edib.

   Ceyhun Əzizov 1999-cu ildə Salyan şəhərində anadan olub, ilk musiqi təhsilinə də burada başlayıb. Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəylinin məsləhəti ilə təhsilini BMA-nın məktəb-studiyasında davam etdirmək qərarına gəlib. Artıq bir neçə ildir ki, məktəb-studiyada Fərhad Bədəlbəylinin yetirməsi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Səttarovanın sinfində təhsil alır. Səadət Səttarova şagirdinin V.Safonov adına müsabiqədə göstərdiyi parlaq nəticəyə və peşəkar pedaqoji fəaliyyətinə görə Rusiya Mədəniyyət Nazirliyinin və beynəlxalq müsabiqənin yüksək sertifikatına layiq görülüb.

 

Mədəniyyət.- 2013.- 19 iyun.- S. 10.